Coğrafiya və çağırışaqədər hazırlıq fakültəsi haqqında

Ali Pedoqoji İnstitut yaradılarkən burada təşkil edilən 3 şöbədən biri Təbiyyat-coğrafiya idi. İnstitut 1926/27-ci dərs ilində Bakı Dövlət Universitetinin tərkibinə verildiyindən Təbiyyat-coğrafiya şöbəsi öz fəaliyyətini müvəqqəti dayandırdı. Təbiyyat-kimya fakültəsində fəaliyyət göstərən Coğrafiya şöbəsinin bazası əsasında 1934-cü ildə müstəqil coğrafiya fakültəsi təşkil edildi, coğrafiya ixtisasına uyğun yeni kafedralar yaradıldı. Fakültənin dekanı M.Zülfüqarovun səyi nəticəsində 50-ci illərdə tədris və elmi işlər sahəsində mühüm nailiyyətlər əldə edildi, kadr hazırlığı xeyli genişləndirildi. Subyektiv amillər üzündən 1959-cu ildə BDU-nun coğrafiya fakültəsinə birləşdirilən fakültə bir müddət fəaliyyətini dayandırdı. Lakin bu vəziyyət çox davam etmədi. Respublikanın coğrafiya müəllimlərinə olan ehtiyacını nəzərə alaraq APİ-nin Kimya-biologiya (1966) , sonralar isə Biologiya-kimya fakültəsinin (1970-1981) tərkibində coğrafiya şöbəsi fəaliyyət göstərdi. 1981-ci ildən Coğrafiya fakültəsi müstəqil fəaliyyət göstərir. Fakültəyə son 30 ildə dos. S.B.Məmmədov, prof.N.N.Allahverdiyev, dos.Ə.N.Əsədov, prof.Ş.G.Həsənov, prof.X.Ə.Vəliyev, dos.Y.Q.Əliyev, dos.M.C.Əliyev rəhbərlik etmişdir.Hazırda fakültəyə dosent Mətanət Əsgərova rəhbərlik edir. Fakültədə əvvəllər yalnız coğrafiya ixtisası üzrə mütəxəssis hazırlandığı halda, indi həm də təhsil menecmenti, ekologiya, fiziki tərbiyə və s. ixtisaslar üzrə də mütəxəssis hazırlanır. Fakültənin məzunları arasında onlarla elmlər namizədi , dosent, professor, əməkdar müəllim, qabaqcıl maarif işçisi vardır. Fakültənin professor və müəllim heyəti ali və orta məktəblər üçün dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər çap etdirilmişlər.İftixarla demək lazımdır ki, elmimizin korifeylərindən biri olan akademik Həsən Əliyev bir müddət Coğrafiya fakültəsində işləmiş , xalq şairi M.Araz, xalq yazıçısı İ.Əfəndiyev, akad. B.Budaqov, AMEA-nın müxbir üzvü, prof. Q.Məmmədov fakültəmizin tələbəsi olmuşlar. Hazırda şöbə kimi fəaliyyət göstərən Gənclərin cağırışaqədər hazırlıq fakültəsi keçmiş SSRİ hökumətinin 25 avqust 1978-ci il tarixli qərarına əsasən orta təhsil müəssisələrində ibtidai hərbi hazırlığın inkişafı məqsədilə Azərbaycan Təhsil Nazirliyinin 21 dekabr 1979-cu il tarixli, 63 saylı əmri ilə “İbtidai hərbi və fiziki təlim“ adı ilə yaradılmışdır. Respublikamızda belə bir fakültənin təşkilinin təşəbbüskarı Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyev olmuşdur. Fakültədə 1985-ci ildən indiyə kimi 2500-dən çox məzun zabit rütbəsinə layiq görülmüşdür. Onlar orta məktəblərdə bədən tərbiyəsi və hərbi rəhbər işləməklə yanaşı, Müdafiə , Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliklərində də çalışırlar. Fakültənin məzunları Qarabağ uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş, Milli Qəhrəman adınadək yüksəlmişlər. Mirələkbər İbrahimov 1986-ci ildə fakültəni bitirmiş, bir müddət Yasamal rayonu 53 saylı məktəbdə hərbi rəhbər işləmiş, sonra könüllü olaraq cəbhəyə yollanmış, döyüşdə igidliklə həlak olmuş və şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. İşlədiyi məktəb onun adını daşıyır. Fakültənin digər məzunu Mətləb Quliyev də könüllü olaraq Vətən uğrunda döyüşlərə getmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur. Milli Qəhrəman M.Quliyevin adını daşıyan Sumqayıt şəhər 3 saylı orta məktəbdə onun abidəsi qoyulmuşdur. Fakültənin məzunu Mürşüd Məmmədov isə polis mayoru idi . 1994-cü ilin yanvarın 24-də Murovdağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş , ölümündən sonra o, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Fakültənin məzunu Malik Bayramov da ölümündən sonra Azərbaycan Bayrağı ordeninə layiq görülmüşdür. Fakültənin yetirmələri idman sahəsindəki fəaliyyətlərini bu gün də davam etdirirlər. Tələbələrimizdən Elman Əsgərov sərbəst güləş üzrə dünya çempionatında 3-cü yeri tutmuşdur. 2000-ci il olimpiadasına lisenziya qazanmış Rüstəm Siyavuşov ümumdünya oyunlarının mükafatçısı, sanbo üzrə idman ustasıdır. Fakültəmizdə təhsil alan tələbələrdən bir çoxu beynəlxalq yarışların mükafatçılarıdır. Hazırda fakültədə 7 kafedra fəaliyyətdədir: Ümumi coğrafiya, İqtisadi coğrafiya və Coğrafiyanın tədrisi metodikası, Fiziki coğrafiya, Ekologiya, Fiziki tərbiyə, İdman oyunları və idman fənləri.

Mənbə:www.adpu.edu.az

Hiç yorum yok:

Yorum Gönder